RƏSMİ XRONİKA
SƏFİR MƏMMƏD ƏLİYEV: AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ NORMALDIR, MÜAYİNƏVƏ MÜALİCƏSİ BAŞA ÇATMAQ ÜZRƏDİR
-Mən bir daha bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin səhhəti normaldır. Cənab Prezident Gülhanə Hərbi Tibb Akademiyasında müayinə və müalicəsini başa çatdırmaq və Vətənə qayıtmaq üzrədir.
Belə olan halda yalanlar, böhtanlar yaymaq, xalq arasında narahatlıq yaratmaq, ölkəmizdə çətinliklə əldə edilmiş sabitliyi pozmağa cəhd göstərmək qətiyyən yolverilməzdir. Çünki biz belə halların nə ilə nəticələndiyini vaxtilə görmüşük.
Ölkəmizdəki müxalifət mətbuatı bütün ədəb, əxlaq, tərbiyə, etika normalarını aşmışdır. Jurnalist adı altında sığınan müxalifət yazarları demokratiya anlayışını pozaraq, mətbuatda əsl terrorla məşğuldurlar. Bu media terroristləri ifşa olunmalı və demokratik hüquq normaları çərçivəsində cəzalandırılmalıdır. Dövlətimizin başçısı, xalqımızın azad iradəsi ilə seçilən Prezidentimiz, el ağsaqqalı haqqında aparılan yalan, böhtan, iftira dolu kampaniya dərhal dayandırılmalıdır. Mən ziyalılarımızı, alimlərimizi, hüquqşünaslarımızı bu bir ovuc azqın media terroristinə qarşı etiraz səslərini ucaltmağa dəvət edirəm. Qərəzli, heç bir ciddi mənbəyə əsaslanmayan, yalnız kin-küdurətdən ibarət olan fəaliyyətə qətiyyətlə “yox!” demək lazımdır. Təkrar edirəm, media terroristləri ifşa olunmalı və cəzalandırılmalıdır.
* * *
AZƏRBAYCAN MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN BƏYANATI
Respublikanın radikal müxalifətini təmsil edən “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət”, “Cümhuriyyət” və “Novoye vremya” qəzetlərinin bugünkü saylarında növbəti dəfə www.avrasiyaturk.com internet saytına istinadən xəbər yayılmışdır ki, guya “alınmış qeyri-rəsmi məlumatlara görə, ölkə Prezidenti Heydər Əliyev Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir”.
Birmənalı şəkildə bəyan edirik ki, xəbər yalandır və destruktiv müxalifətin prezident seçkiləri ərəfəsində iqtidara qarşı apardığı çirkin mübarizənin növbəti təzahürüdür.
Milli Təhlükəsizlik Nazirliyinin əldə etdiyi əməliyyat məlumatlarına görə, adı çəkilən sayt Amerika Birləşmiş Ştatlarının Levitson şəhərində Toğrul Cəngavərli adlı bir şəxsin adına qeydiyyata alınsa da, bu, ölkədə mühacirətdə olan Rəsul Quliyevə məxsusdur. Saytın “qeyri-rəsmi mənbələri” isə Müsavat partiyasının Türkiyədəki funksioneri Xanım Xəlilova və türkiyəli jurnalist İrfan Sapmazdır. Uydurma məhz onlar tərəfindən dünən İstanbulun Mərmərə otelindəki növbəti görüşləri zamanı hazırlanmış və dövriyyəyə buraxılmışdır.
Milli Təhlükəsizlik Nazirliyi radikal və pozucu müxalifətin bu hərəkətini ölkədə sabitliyi pozmaq, əhalini təşviş içərisində saxlamaq məqsədi ilə həyata keçirdiyi növbəti təxribat hesab edir və bu addımı müstəqil dövlətçiliyimizə qəsd kimi qiymətləndirir.
***
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Gürcüstanın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 1-də Prezident Eduard Şevardnadze ilə AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev arasında telefon danışığı olmuşdur.Cənab Şevardnadze Azərbaycan Prezidenti Heydər Əliyevi şəxsən narahat etmək istəmədiyini bildirərək, dövlətimizin başçısının səhhəti ilə ətraflı maraqlanmışdır. İlham Əliyev Gürcüstan Prezidentinə minnətdarlığını bildirmiş, Prezident Heydər Əliyevin səhhətinin normal olduğunu, müayinə və müalicə prosesinin davam etdiyini söyləmişdir. Prezident Eduard Şevardnadze əziz dostu, Azərbaycan Prezidenti Heydər Əliyevə cansağlığı diləmiş və onun tezliklə sağalıb Vətənə qayıdacağına ümidvar olduğunu vurğulamışdır.