ELM VƏ TƏHSİL
Səfir Vladimir Doroxin Rusiyanın ali məktəblərində təhsil almağa yola düşən azərbaycanlı tələbələrlə görüşüb
Bakı, 23 avqust (AZƏRTAC). Avqustun 23-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində Rusiyanın ali məktəblərinə qəbul olunmuş bir qrup azərbaycanlı tələbələrin və onların valideynlərinin qəbulu təşkil edilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il Rusiyanın ali məktəblərinə Azərbaycandan 115 gənc daxil olub, daha bir neçə abituriyentin də qəbul olunacağı gözlənilir.
Azərbaycanlı tələbələrin seçdikləri ali məktəblərin coğrafiyası çox genişdir: Moskva, Sankt-Peterburq, Həştərxan, Volqoqrad, Krasnodar, Perm, Rostov Don, Ryazan, Samara və bir çox başqa şəhərlər.
Seçilən ixtisaslar arasında jurnalistika, linqvistika, filologiya, tarix, pedaqogika, sosiologiya, informatika, iqtisadiyyat, hüquq, tibb və s. ixtisaslar vardır.
Görüş Bakı şəhərindəki 132-134 nömrəli ümumtəhsil kompleksinin şagirdi Yekaterina Dmitriyevanın ifasında S.Arenskinin “Fortepiano üçün konsert”i və Elmira Nəzirovanın “Prelüdiyası” ilə açıldı.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq deyib: “Bu gün Rusiyanın ali məktəblərində təqribən 7 min azərbaycanlı oğlan və qız təhsil alır. Ölkəmiz Azərbaycan mütəxəssislərinin hazırlandığı əsas xarici mərkəzlərdən biridir. Biliklərə yiyələnməkdə sizə uğurlar arzulayıram, öz işinizin peşəkarı olun və doğma ölkəyə xeyir verin”.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tələbələrə rus dilini, Rusiya tarixini və mədəniyyətini daha dərindən öyrənməyi tövsiyə edib. O deyib: “Tələbəlik illəri idmanla məşğul olmaq, kitabxanalara, teatrlara getmək üçün ən gözəl dövrdür, Rusiyada bunun üçün hər cür şərait yaradılıb”.
Artıq Cənub Federal Universitetinin (Rostov Don şəhəri) tələbəsi olan Kamilla Hacıyeva görüşdə iştirak edənləri tələbələr adından salamlayıb. O, Rusiya büdcəsi hesabına ali təhsil almaq, tədris illərində Rusiyanı daha yaxından tanımaq imkanı verdiyinə görə Rusiya Federasiyasının hökumətinə, Azərbaycandakı rusiyalı diplomatlara minnətdarlığını bildirib.
İvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbin direktoru Mixail Uryupin görüşdə valideynlər adından çıxış edib. Onun qızı Mariya orta məktəbi medalla bitirərək bu il “İqtisadiyyat” ixtisası üzrə Kuban Dövlət Universitetinə (Krasnodar şəhəri) daxil olub.
Diplomatlar tələbələrə rus ədəbiyyatı klassiklərinin - A.S.Puşkinin, M.Y.Lermontovun, F.M.Dostoyevskinin, M.A.Bulqakovun kitablarını təqdim ediblər.