REGİONLAR
Şəhid Ayxan Qurbanzadənin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
Lənkəran, 25 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. İyulun 25-də Şağlaküçə kəndində Vətən müharibəsi şəhidi Ayxan Qurbanzadənin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra ŞİH başçısı Taleh Qaraşov çıxış edib. Bulağın açılış mərasiminin şəhidimizin doğum gününə təsadüf etdiyini qeyd edən icra başçısı bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. Vətən müharibəsində qazandığımız Zəfər barədə danışan Taleh Qaraşov vurğulayıb ki, gənc nəslin nümayəndələri haqq mübarizəmizdə canını fəda edib, düşmənlə üz-üzə qorxmadan dayanıb və daima irəli getmək əzmində olublar. Qəhrəman övladlarının yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.
Taleh Qaraşov şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının hər zaman qayğı və diqqətlə əhatə olunduğunu qeyd edib. İcra başçısı çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində də mütəmadi şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.
Şəhidin atası Fariz Qurbanov oğlunun şəhidlik zirvəsinə ucalması ilə bütün Azərbaycan xalqının qəlbində özünə yer etdiyini deyib. Şəhid atası Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Ayxan Qurbanzadə ölümündən sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə döyüşlər zamanı göstərdiyi rəşadət və igidliyə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib və musiqi ifa olunub.
Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət ediblər.