REGİONLAR
Şəhid Əli Quliyevin xatirəsi anılıb
İmişli, 9 sentyabr Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Quliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quliyev Əli Tədbir oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri iştirak ediblər. Əvvəlcə Əlinin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində çaldığı Zəfərdən danışıblar. Bildirilib ki, bu qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaq. Diqqətə çatdırılıb ki, Əli də həmin şanlı səhifədə özünə yer qazanıb.
1984-cü il sentyabrın 9-da İmişli rayonu Otuziki kəndində anadan olan Əli uşaqlıq illərindən vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarından Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Əli xidməti dövründə də nizamlı əsgər olub. Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan Əli öz istəyi ilə müraciət edərək müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanıb, sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirib. Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi zamanı Əli ön sıralarda döyüşə qoşulub və mərdliyi, qorxmazlığı ilə seçilərək torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşub. Füzuli, Cəbrayıl və Xocavənddə bir çox strateji yüksəkliyin və yaşayış məntəqəsinin azad olunmasında fərqlənib. Oktyabrın 27-də Xocavənd ərazisində şəhid olub.
Qeyd edək ki, Quliyev Əli Tədbir oğlu “Azərbaycan bayrağı” ordeni, "Vətən uğurunda", "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.