REGİONLAR
Şəhidin həyat yoldaşı: Bütün şəhid ailələri kimi, bizim də ailəmiz dövlətimizin qayğısı ilə əhatə olunub
Tərtər, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Müharibə ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda erməni terroru qurbanlarından biri də Quliyev Anar Tofiq oğludur. O, Ermənistan silahlı bölmələrinin 2020-ci il oktyabrın 20-də Tərtər rayonunu növbəti dəfə artilleriya atəşinə tutması nəticəsində həlak olub.
Həyat yoldaşı Esmira İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ölkəmizdə çox sayda günahsız insan erməni terrorunun qurbanı olub, ailələr başsız, uşaqlar atasız qalıb. Deyib ki, erməni terrorunun acısını yaşayan ailələrdən biri də onların ailəsidir. “Allah heç bir ailəni gözüyaşlı etməsin. Həyat yoldaşım Anar Quliyev həm vətənpərvər, torpağına bağlı, həm də ailəcanlı insan idi. Düşmənin Tərtəri hər gün atəşə tutmasına baxmayaraq bir gün belə rayonu tərk etmədi. Hadisə baş verən gün Cəmilli kəndinə - bacımgilə getmişdi. Qismət belə imiş. O, düşmənin top atəşi nəticəsində həlak oldu. Bizi gözüyaşlı qoyub getdi. Üç uşağım atasız qaldı. Bu gün bütün şəhid ailələri kimi bizim də ailəmiz dövlətimizin qayğısı ilə əhatə olunub. Ancaq Anarın yoxluğunu, uşaqların ataya olan ehtiyacını heç nə əvəz edə bilməz”, - deyə E.İsmayılova qeyd edib.