QAN YADDAŞI
Şəhidlərimizin canı və qanı bahasına yaranan müstəqil dövlətimiz bu gün dünyada böyük nüfuza malikdir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın müstəqilliyi uğrunda atılan ilk addımdır. Şəhidlərimizin canı və qanı bahasına yaranan müstəqil dövlətimiz bu gün dünyada böyük nüfuza malikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Qaradağ Lökbatan Futbol Klubunun oyunçusu Elxan Ağayev bildirib. O qeyd edib ki, keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar faciəsini törətməkdə əsas məqsədi Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan insanları məhv etmək idi. Lakin xalqımızın mübarizə əzmi qırılmadı. Xalqımız istiqlaliyyət uğrundakı mübarizəsini davam etdirdi.
Elxan Ağayev 20 Yanvar hadisələri zamanı məktəbli olduğunu, amma həmin vaxtlar uşaqdan böyüyə hər kəsin birlik nümayiş etdirdiyini unutmadığını bildirib. Həmin hadisələr zamanı valideynlərinin də ordu qarşısına çıxdığını deyən müsahibimiz vurğulayıb ki, bu gün hər bir azərbaycanlı şəhidlərimizlə fəxr edir.