REGİONLAR
Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
Şəki, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Şəkinin igid oğullarından biri də Elnur İsmayılovdur.
Şəki Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Novruz bayramı münasibətilə mərkəzin əməkdaşları şəhid Elnurun ailəsini ziyarət edib, ailəyə bayram sovqatı təqdim ediblər.
Görüşdə şəhidin döyüş yolundan, şücaətindən söz açılıb, şəhidlərimizin qanının yerdə qalmadığı, düşməndən qisas alındığı vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstəriblər. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, gələcək nəsillər üçün nümunə olacaq. Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətəcən xalqımızın yaddaşında yaşayacaq.
Şəhidin atası Arif İsmayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Elnur İsmayılov Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Elnur ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.