MƏDƏNİYYƏT
Şəkidə Beynəlxalq ənənəvi şirniyyat festivalına son hazırlıq işləri görülür
Şəki, 18 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində keçiriləcək Beynəlxalq ənənəvi şirniyyat festivalına hazırlıq işləri davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, festivalın rəsmi açılış mərasimi iyulun 20-də axşam saatlarında XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçiriləcək. Tədbirdə UNESCO-nun Dünya Xalq Təşkilatının, Dünya Kulinariya Təşkilatının rəhbərlərinin, digər beynəlxalq qurumların təmsilçilərinin iştirakı gözlənilir.
Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək şirniyyat nümunələri ilə yaxından tanış olacaqlar. Festivalda Şəki və ətraf rayonlardan, Azərbaycanın başqa bölgələrindən, eləcə də Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən gəlmiş qənnadıçılar əvvəlcədən hazırladıqları şirniyyat məhsullarını nümayiş etdirəcəklər. Şəki qənnadıçıları festivalda paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırma badam və digər milli şəkərli şirniyyatlarını sərgiləyəcəklər.
Festivalda fərqlənənlər mükafatlandırılacaqlar.
Festival rəngarəng konsert proqramı ilə başa çatacaq.