CƏMİYYƏT
ŞƏKİDƏ “DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Şəki, 22 sentyabr (AZƏRTAC). Sentyabrın 22-də Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri” mövzusunda növbəti seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında keçirilən seminarda yerli icra və bələdiyyə qurumlarının rəhbərləri, dini icmaların sədrləri, ağsaqqallar və gənclər iştirak etmişlər.
Tədbiri şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Rəfail Mənəfov açaraq rayonda mövcud dini durum barədə məlumat vermiş, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb və Şirvan şöbəsinin müdiri Rəfail Məcidov, Şəki-Qəbələ bölgəsinin qazisi Səlim Səfərov çıxış edərək rayonda qeyri-ənənəvi təriqətlərin, zərərli təbliğatın qarşısının alınması sahəsində görülən işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində Şəkidə dini durum sabitdir.
Seminarda komitənin şöbə müdiri Ceyhun Məmmədovun “Qeyri-ənənəvi təriqətlər və dini cərəyanlar” mövzusunda məruzəsi dinlənilmişdir.
Sonda seminar iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.