Şəkidə “Novruz təranələri” baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb
Şəki, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə ənənəvi olaraq 40-cı ildir ki, təşkil edilən “Novruz təranələri” baxış-müsabiqəsinə yekun vurulub. Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən müsabiqənin seçim turlarında rayonun ümumtəhsil məktəblərindən yüzlərlə yeniyetmə və gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə qaliblərinin mükafatlandırılması münasibətilə Şəki Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə baxış-müsabiqənin Azərbaycanın milli musiqi dəyərlərini təbliğ etmək, mədəniyyət müəssisələrinin işini daha da canlandırmaq, eyni zamanda, gənc istedadları üzə çıxarmaq məqsədi daşıdığı bildirilib.
Münsiflər heyəti üzvlərinin rəyinə əsasən, Baş Küngüt kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin üzvü, saz ifaçısı Murad Məmmədrəhimov və şəhər folklor klubunun bədii qiraət dərnəyinin üzvü Zümrüd Əliyeva müsabiqənin qalibi adını qazanıblar. Qudula kənd folklor klubunun “Qönçə” folklor və B.Axundov adına folklor evinin “Bənövşə” rəqs kollektivləri, həmçinin şəhər folklor evinin bədii qiraətçiləri ikinci yeri tutublar. Göybulaq kənd folklor klubunun rəqs qrupu isə üçüncü olub.
Qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.
Tədbirin sonunda müsabiqə qalibləri konsert proqramı ilə çıxış ediblər.