Şəmkirdə çay məcralarında tənzimlənmə və sahilbərkitmə işləri görülüb
Şəmkir, 19 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkirdə bu il taxıl səpilən 5027 hektar sahədən indiyədək 3462 hektarı suvarılıb.
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, suvarılma ilə bağlı işlər davam edir.
İdarə tərəfindən qışa hazırlıq və suvarmanın mütəşəkkil aparılması üçün 253,3 kilometr torpaq məcralı və beton üzlüklü kanallarda 457,6 min kubmetr həcmində lildən və kol-kosdan təmizləmə işləri görülüb. Nadir şah kanalının növbəti 500 poqonometr hissəsi əsaslı təmir olunur və beton üzlüyə alınır. 38,9 min kubmetr həcmində çay məcralarında tənzimlənmə və sahilbərkitmə işləri görülüb.
Həmçinin 650 hektar sahəyə xidmət edən “Qaracəmirli 1” saylı nasos stansiya əsaslı təmir olunur, 3 ədəd sututarın həcminin genişləndirilməsi və lildən təmizləmə işləri görülüb.
Bu ilin ötən dövründə subartezian quyularında 443 nasos təmir olunub, 59 ədəd yeni nasos quraşdırılıb. 14 quyuda əsaslı təmir işləri davam etdirilir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün Şəmkir şəhərində 2 ədəd, Kür qəsəbəsində 4 ədəd olmaqla, ümumilikdə, 6 ədəd çoxmənzilli binanın zirzəmisində su və kanalizasiya şəbəkəsinin yenilənməsi işləri görülüb. 99 yeni abonentin su şəbəkəsinə qoşulması təmin olunub.
Kür qəsəbəsində diametri 360 millimetr, 400 poqonometr baş su çəninə gedən boru xətti yenisi ilə əvəz olunub. Cəyirçayında mənbəyə gələn su həcmini artırmaq üçün 70 poqonometr xətt çəkilib. 1053 sayğac təmir olunub, 220 yeni sayğac quraşdırılıb.