REGİONLAR
Şəmkirdə təhsilin vəziyyəti müzakirə edilib
Şəmkir, 25 noyabr, Sabir Əliyev, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətində təhsil işçilərinin ümumrayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayonun təhsil sistemindəki mövcud vəziyyət təhlil edilib. Qeyd olunub ki, son on ildə rayonun müxtəlif kənd və qəsəbələrində 40-a yaxın təhsil ocağı yenilənib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 7 məktəb binası inşa edilib. Bu günlərdə isə Nizami Gəncəvi adına şəhər orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb.
Müşavirədə diqqətə çatdırılıb ki, hazırda rayonun 79 ümumtəhsil məktəbində 3252 nəfər müəllim çalışır. Onlardan 12 nəfəri Əməkdar Müəllim adına, 8 nəfəri isə “Tərəqqi” medalına layiq görülüb. Yaradılan şəraitin nəticəsidir ki, hər il alı məktəblərə keçirilən test imtahanlarında rayonun məzunları fərqlənirlər. Təkcə bu il orta məktəbi bitirən gənclərin 541 nəfəri tələbə adını qazanıb.
Müşavirədə nöqsanlardan da danışılıb. Qeyd edilib ki, bəzi kənd məktəblərində tədrisin keyfiyyəti aşağıdır. Ucqar kəndlərdə müəllim çatışmazlığı var. Şagirdlər arasında dərsə davamiyyət zəifdir. Müşavirədə adları çəkilən həmin məktəblərin rəhbərlərinə mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.