Şəmkirli məktəblilər Qəbələyə yola düşüblər VİDEO
Şəmkir, 15 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, yola salma mərasimində əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb.
Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Sonra Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi təşkil olunub. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, valideynlər və məktəblilər çıxış edərək, layihənin dövlətimizin başçısının yetişməkdə olan nəslə diqqət və qayğısının nəticəsi olduğunu söyləyiblər.
Vurğulanıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.
Qrupun rəhbəri Davud Süleymanov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Dördgünlük səfər Qəbələ, Şəki, Zaqatala bölgələrini əhatə edəcək. Məktəblilər bu rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər”.
Səfərdən böyük təəssüratla qayıdacağına əminliyini bildirən Nizami Gəncəvi adına tam orta məktəbin 11-ci sinif şagirdi Orxan İbrahimov deyib: “Doğrusu, həmin bölgələrə getmək, o yerlərlə tanış olmaq çoxdankı arzum idi. Prezidentimizə minnətdaram ki, bu arzum həqiqətə çevrilir. Dövlətimizin başçısının tapşırığı ilə reallaşan layihə çərçivəsində təşkil edilən tur-aksiyada o qədər də məlumatlı olmadığım rayonlar barədə hərtərəfli bilgilər qazanacağam”.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısından Qəbələyə yola salınıb.
Qeyd edək ki, aksiya çərçivəsində şəmkirli gənclər dörd gün ərzində Qəbələ rayonunda Heydər Əliyev adına Konqres mərkəzi, ”Qəbələnd” istirahət mərkəzi, “Beltmann” pianino zavodu, “Tufandağ” Xizəkçilik kompleksi və Qəbələ Konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Şəkidə Dövlət Tarix-memarlıq qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə, Zaqatala rayonunda isə Zaqatala Tarixi Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaqlar.