İQTİSADİYYAT
Sənaye sektorunda innovativ təkliflər təşviq olunur
Sənaye sektorunda innovativ təkliflərin təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqat Qrupunun birinci iclası keçirilib.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək “Sənaye ili”ndə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni istehsal sahələrinin, sənaye parklarının və məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bundan məqsəd ölkənin gələcək iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İnnovasiyaların Təşviqat Qrupunun rəhbəri Vilayət Vəliyev çıxış edərək təşviqat qrupunun işinin təşkilindən danışıb.
Tədbirdə İnnovasiyaların Təşviqat Qrupu haqqında qəbul olunmuş Əsasnamənin, Tədbirlər Planının layihələri müzakirə edilib və ikinci iclasın vaxtı müəyyənləşdirilib.