DÜNYA
Sercio Mattarella: Məsuliyyəti qəbul edirəm, çağırıldığımız vəzifələrdən qaça bilmərik
![Sercio Mattarella: Məsuliyyəti qəbul edirəm, çağırıldığımız vəzifələrdən qaça bilmərik](/files/2022/1/1200x630/16434953011748659586_1200x630.jpg)
Roma, 30 yanvar, AZƏRTAC
Bütün məsuliyyəti qəbul edirəm, çağırıldığımız vəzifələrdən qaça bilmərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri növbəti dəfə İtaliya Prezidenti seçilən Sercio Mattarella deyib.
Parlamentarilərə və regional nümayəndələrə müraciət edən Sercio Mattarella bildirib: “Etibarınıza və mənə göstərilən etimada görə təşəkkür edirəm. Vəzifədən qaçmamaq gözləntilərimdən üstündür. Prezident seçkiləri ilə bağlı keçirdiyimiz çətin günlər, hələ də yaşadığımız fövqəladə vəziyyət insana çağırıldığı vəzifələrdən yayınmamağı məcbur edir. Bütün bunlar şəxsi mülahizələrdən və perspektivlərdən üstün olmalıdır”.
Sercio Mattarellanın yenidən prezident seçilməsinə münasibət bildirən Baş nazir Mario Draqi isə qeyd edib: “İtaliya vətəndaşları üçün gözəl xəbərdir. Bu, ölkənin rifahına və sabitliyinə uyğundur”.
Sercio Mattarella ölkənin siyasi həyatında mühüm yer tutur
1941-ci ildə Palermoda anadan olan Sercio Mattarella hüquq təhsili aldıqdan sonra ailə ənənəsinin xristian demokrat olması səbəbindən siyasi fəaliyyətə başlayıb. 1983-2008-ci illərdə Xristian Demokratlar Partiyasından sol-mərkəzçi partiyalarda parlament üzvü kimi fəaliyyət göstərib. Sercio Mattarella 1987-1989-cu illərdə parlamentlərlə əlaqələr naziri, 1989-1990-cı illərdə təhsil naziri, 1998-1999-cu illərdə Baş nazirin müavini, 1999-2001-ci illərdə isə müdafiə naziri vəzifələrində çalışıb. O, 2011-2015-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub.
2015-ci il yanvarın 31-də keçirilən səsvermədə 665 səs toplayaraq İtaliyanın 12-ci Prezidenti seçilib, fevralın 3-dən səlahiyyətlərinin icrasına başlayıb.
Bu il yanvarın 29-da Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi”ndə 983 seçicinin iştirak etdiyi səsvermənin səkkizinci turunda isə 80 yaşlı Sercio Mattarella 759 səs toplayaraq İtaliyanın 13-cü prezidenti seçilib.
O, ölkə tarixində prezident seçkilərində ən çox səs toplayan ikinci namizəd olub. Fevralın 3-də Sercio Mattarellanın andiçmə mərasimi keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma