CƏMİYYƏT
“Şərqdən–Qərbə nifrət nitqinə yox” regional kampaniyasına start verilib
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Şərqdən - Qərbə nifrət nitqinə yox” regional kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə keçirilir. Məqsəd Şərqi Avropa ölkələrinin gəncləri ilə əməkdaşlığın gücləndirilməsi və “Nifrət nitqinə” qarşı birgə mübarizənin aparılması üçün fəaliyyət planının tərtib olunmasıdır.
Kampaniyada Fransa, Gürcüstan, Rusiya, Ukrayna, Belarus və Moldovanın Avropa Şurasındakı ekspertləri, “Nifrət nitqinə yox” hərəkatı üzrə əlaqələndiriciləri və Milli şuraların rəsmiləri iştirak edəcəklər. İştirakçılar tərəfindən kampaniya çərçivəsində “Nifrət nitqinə yox” hərəkatı üzrə fəaliyyət planı hazırlanacaq və birgə tədbirlər həyata keçiriləcək.