DÜNYA
“Shell” şirkəti Ukraynada sosial sahəyə hər il 2 milyon dollar xərcləyəcəkdir
Kiyev, 8 fevral (AZƏRTAC). “Shell” şirkəti Ukraynada kəşfiyyat işləri dövründə Xarkov və Donetsk vilayətlərində sosial proqramların həyata keçirilməsinə hər il 2 milyon dollar xərcləyəcəkdir. AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, bu barədə “Shell” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Valentina Gekova məlumat vermişdir.
O demişdir: “Kəşfiyyat mərhələsində sosial proqramları hər il 2 milyon dollar məbləğində maliyyələşdirmək nəzərdə tutulmuşdur. Sosial investisiyaların istiqamətini müəyyənləşdirmək üçün xüsusi əlaqələndirici orqan yaradılacaqdır. Orqana ərazi icmalarının, qaz hasilatı şirkətlərinin və ictimai təşkilatların nümayəndələri daxil olacaqlar”. Başlanğıc mərhələdə layihədə çalışan ukraynalıların sayı 60 faiz təşkil edəcəkdir. Qazın kommersiya hasilatına keçəndə Ukrayna mütəxəssisləri üçün iş yerlərinin sayı artaraq 80 faizə çatacaqdır”.
Beynəlxalq şirkət birinci mərhələdə “Yuzovsk” yatağında 15 kəşfiyyat quyusu qazacaqdır ki, bu da karbohidrogen ehtiyatlarının həcmini qiymətləndirməyə və yatağın gələcəkdə işlənməsinə dair qərar qəbul etməyə imkan verəcəkdir.
Xatırladaq ki, Ukrayna yanvarın 24-də Davosda Xarkov və Donetsk vilayətləri ərazisində yerləşən “Yuzovsk” yatağından hasil ediləcək şist qazının bölgüsünə dair “Royal Dutch Shell” neft-qaz konserni ilə müqavilə imzalamışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev