İQTİSADİYYAT
Sığorta sektoru üzrə “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsinin növbəti mərhələsi başa çatıb
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində sığorta məhsullarının satışında iştirak edən əməkdaşlar və sığorta agentləri üçün cari ilin iyunun 8-dən avqustun 24-dək keçirilmiş kursların iştirakçıları ilə görüş keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, qeyd edilən təlim proqramı ölkəmizin sığorta sektoru üzrə mövcud vəziyyəti ətraflı təhlil edilərək Türkiyə Cümhuriyyətinin sığorta sektoru üzrə nüfuzlu qurumu TSEV - Türk Sigorta Enstitüsü Vakfı ilə birlikdə tərtib olunub.
Tədbirdə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev, Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov təlim iştirakçılarını kursları bitirmələri münasibətilə təbrik edib, onların fəaliyyətinin sığorta sektorunun inkişafında əhəmiyyətindən və perspektivdəki işlərdən danışıblar. Layihənin meneceri Xumar Hüseynova iştirakçılara sığorta maarifləndirməsi məqsədilə müxtəlif hədəf qrupları, o cümlədən sığortaçıların özləri üçün yaradılmış videodərsləri Virtual təhsil platformasında təqdim edib.
Kursu uğurla bitirən 81 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.