SİYASƏT
Şimal bölgəsindəki dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda MSK-nın nümayəndələri mühazirələrlə ilə çıxış etmişlər
Qusar, 6 avqust (AZƏRTAC). Ölkəmizdə oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bölgələrdə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 6-da 51 saylı Qusar, 52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda MSK-nın üzvü Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev mühazirə ilə çıxış etmişlər.
Təqdim olunan məruzələrdə bildirilmişdir ki, kurslar Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Məruzələrdə prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasından, seçkilərə hazırlıqda dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışılmışdır.
54 saylı Şabran-Siyəzən seçki dairəsində də kursların ikinci günü müvəffəqiyyətlə keçirilmişdir. Dairə seçki komissiyasının sədri Əmircan Ocaqov bildirmişdir ki, burada təşkil edilmiş kurslarda Şabran Rayon Məhkəməsinin nümayəndəsi Səfa Məmmədov dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi 68 məntəqə seçki komissiyasının sədrləri qarşısında maarifləndirici mühazirə ilə çıxış etmişdir.
Kursların ikinci günündə Xaçmaz Rayon Polis Şöbəsinin rəis əvəzi Valik Vəlimətov 55 saylı Xaçmaz şəhər, Xudat Şəhər Polis Bölməsinin rəisi Elçin Rəcəbov isə 56 saylı Xaçmaz kənd seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda mühazirələrlə çıxış etmişlər. Bildirilmişdir ki, ölkəmizdə seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur.
MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam etdiriləcəkdir.