Şimal-qərb bölgəsində məktəbəhazırlıq qruplarına 5251 uşaq cəlb olunub
Şəki, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
2025-2026-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 227-də 338 məktəbəhazırlıq qrupu yaradılıb və bu qruplarda, ümumilikdə, 5251 uşaq məşğələlərə cəlb olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, oktyabrın 1-dən etibarən Şəki rayonu üzrə 1600, Qax rayonu üzrə 344, Zaqatala rayonu üzrə 1009, Balakən rayonu üzrə 824, Oğuz rayonu üzrə 354, Qəbələ rayonu üzrə isə 1120 uşaq məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.
Qurumun əməkdaşının məlumatına görə, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.