Şimal rayonlarının məktəbliləri cənub bölgəsi istiqamətində yola çıxıblar VİDEO
Xaçmaz, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 15-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, cənub bölgəsinə ekskursiyada Quba, Qusar və Xaçmaz rayonlarının 120 nəfər yuxarı sinif şagirdi iştirak edir.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri martın 15-dən 18-dək cənub bölgəsinə səyahət zamanı Lənkəran, Masallı, Astara rayonlarının tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edilib ki, budəfəki tur-aksiyada altı istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.
Tur-aksiyada iştirak edən məktəblilər Münəvvər Dadaşova və Sənan Əhmədov AZƏRTAC-a müsahibələrində Lənkəran, Masallı, Astara haqqında çox eşitsələr də, bu bölgəyə ilk dəfədir səfər edəcəklərini bildiriblər. Şagirdlər onlara belə bir imkan yaradan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.
Tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimləri Quba və Qusar rayonlarında da təşkil olunub.