“SİMURQ” AZƏRBAYCAN MƏDƏNİYYƏTİ ASSOSİASİYASI SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də “Azərbaycan” biznes mərkəzində “İdarəçilik mədəniyyətinin informasiya təminatının aktual problemləri” mövzusunda respublika kulturoloji seminarı keçirilmişdir. Tədbir “Azərbaycan” biznes mərkəzinin dəstəyi ilə “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Beynəlxalq Vətəndaş Cəmiyyəti Mədəniyyəti Forumu tərəfindən təşkil olunmuşdur.
Ənənəyə görə “Simurq” assosiasiyasının birinci vitse-prezidenti, akademik Maqsud Əliyev yubilyarlara və assosiasiyanın kulturoloji hərəkatda fəal iştirak edən üzvlərinə medallar və diplomlar təqdim etmişdir. Onların arasında “Simurq” assosiasiyasının yaradıcılarından biri, professor Rafiq Zeynalov (70 illik yibileyi münasibətilə), akademik Orxan Ələkbərov, Sevda Əlizadə, Yusif Ələkbərov, rəssam İsmayıl Məmmədov, Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da var idi.
“Simurq” assosiasiyasının prezidenti professor Fuad Məmmədovun sözlərinə görə, seminar bütövlükdə Azərbaycan və Azərbaycan cəmiyyəti üçün çox vacib bir mövzuya - informasiya təminatı mədəniyyətinə həsr olunmuşdur: “Bizim strateji istiqamətlərimizdən biri qlobal informasiya birliyinə daxil olmaqdır. Bununla əlaqədar, informasiya məkanından inkişaf resursu kimi istifadə edilməsini çox mühüm məqam sayıram”.
Fizika-riyaziyyat elmləri namizədi, “Sinan LTD” layihəsinin rəhbəri Firudin Əhmədov “İdarəçilik mədəniyyətinin informasiya təminatının aktual problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.