DÜNYA
Şinzo Abeyə atəş açan şəxs günahını tam etiraf edib
![Şinzo Abeyə atəş açan şəxs günahını tam etiraf edib](/files/2022/2/1200x630/16572974585167829632_1200x630.jpg)
Tokio, 8 iyul, AZƏRTAC
Yaponiyanın sabiq Baş naziri Şinzo Abeyə atəş açan Nara prefekturasının 41 yaşlı sakini Tetsuya Yamaqami istintaq zamanı günahını tam etiraf edib.
AZƏRTAC xəbər verir ki, bu barədə prefektura baş polis idarəsinin rəisi mətbuat konfransı zamanı bildirib.
T.Yamaqami istintaq zamanı Ş.Abenin də daxil olduğu müəyyən qrup siyasətçilərə nifrət bəslədiyini və bunun onu hücuma təhrik etdiyini söyləyib. Polis rəisi istintaqın davam etdiyini nəzərə alaraq, hələlik ətraflı məlumat verə bilməyəcəyini əlavə edib.
Yaponiya polisi T.Yamaqaminin sabiq Baş nazirə əldədüzəltmə silahdan atəş açması faktını təsdiqləyib. Polis cinayətkarın evində daha bir neçə silah və partlayıcı qurğu aşkarlayıb. Hazırda istehkamçılar onun evində axtarışları davam etdirilər. Qonşu evlərin sakinləri təxliyə olunub.
İstintaqa hüquq-mühafizə orqanlarının 90-dan çox əməkdaşının cəlb olunduğunu qeyd edən polis rəisi cinayət işi ilə bağlı əlavə məlumatları açıqlamağın məqsədəuyğun olmadığını deyib.
Xatırladaq ki, Yaponiyanın Baş nazir Şinzo Abeyə iyulun 8-də yerli vaxtla saat 11:30 radələrində Nara şəhərində küçə mitinqdə çıxış edərkən sui-qəsdə məruz qalıb. 41 yaşlı T. Yamaqami adlı şəxs ona kürəyindən iki dəfə atəş açıb.
Xilasetmə xidmətinin helikopteri ilə təxliyə olunan Ş.Abeyə Nara universitetinin xəstəxanasında təcili qan köçürülsə də, həkimlərin bir neçə saat davam edən səyləri nəticəsiz qalıb. Sabiq Baş nazir yerli vaxtla saat 17:03 dəqiqədə 67 yaşında vəfat edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio