Şirvan-Salyan regionunun şagirdləri “Barokko ustadları – 340” Respublika müsabiqəsində uğur qazanıblar
Salyan, 19 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Neftçala şəhər Camal İsmayılov adına uşaq incəsənət məktəbi, Biləsuvar şəhər Orxan Əkbərov adına uşaq incəsənət məktəbi və Şirvan şəhər uşaq musiqi məktəbinin şagirdləri barokko dövrünün görkəmli bəstəkarları Georq Hendel, İohann Sebastyan Bax və Domeniko Skarlattinin anadan olmalarının 340 illiyinə həsr olunan “Barokko ustadları – 340” I Respublika müsabiqəsində uğurla iştirak ediblər.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şirvan şəhər uşaq musiqi məktəbinin şagirdləri Nuray Məmmədova, Zəhra Məmmədova, Dəniz Hacızadə, Biləsuvar şəhər Orxan Əkbərov adına uşaq incəsənət məktəbinin şagirdi Nərgiz Şükürova, Neftçala şəhər Camal İsmayılov adına uşaq incəsənət məktəbinin şagirdləri Vüsal Sultanlı, Fəxriyyə Novruzlu, Firəngiz Xankişiyeva və Rüqəyya Məmmədova müsabiqədə uğur qazanıblar. Müsabiqənin yekununa əsasən, Nuray Məmmədova laureat adına, Zəhra Məmmədova, Vüsal Sultanlı, Rüqəyya Məmmədova diplomant adına, Dəniz Hacızadə, Nərgiz Şükürova, Firəngiz Xankişiyeva və Fəxriyyə Novruzlu həvəsləndirici diplomlara layiq görülüblər.
Şagirdlərin bu uğurlarında onların müəllimlərinin də xüsusi əməyi qeyd olunub. Belə ki, münsiflər heyətinin qərarına əsasən, Şirvan şəhər uşaq musiqi məktəbinin müəllimləri Aygün Hüseynova və Gülnar Məmmədovaya, Neftçala şəhər Camal İsmayılov adına uşaq incəsənət məktəbinin müəllimi Tükəzban Mehtiyevaya şagirdlərinin müsabiqədə qazandığı uğurlara görə təşəkkürnamə təqdim edilib.