REGİONLAR
Şirvanda “Narkomaniya əsrin bəlasıdır” adlı görüşdə iki yüzə yaxın gənc iştirak edib
Şirvan, 9 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. “Narkomaniya əsrin bəlasıdır” adlı tədbirdə ümumilikdə 200 nəfərə yaxın gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunub. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov çıxış edərək, narkomanlığın müasir dövrdə bəşəriyyəti narahat edən ciddi sosial bəlalardan biri olduğunu bildirib. Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlərin həyata keçirilməsindən bəhs edilib. Həmçinin, mübarizə tədbirləri ilə bərabər hazırda ictimaiyyətin də rəsmi qurumlara kömək məqsədi ilə təbliğat işlərində fəal iştirak etdiyi vurğulanıb.
Çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi, polis kapitanı Əlihüseyn Tağızadə Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərə qarşı mübarizə sahəsində son zamanlar görülən işlərdən bəhs edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafail Nəsirov çıxış edərək narkomaniyanın qarşısını almaq üçün mühüm tədbirlərdən birinin də insanların, xüsusən yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi olduğunu bildirib. Gənclərə asudə vaxtlarını elm, təhsil, idman, yaradıcılıq və maraq dairələrinə uyğun peşələri öyrənmək kimi daha səmərəli işlərə sərf etmək tövsiyə edilib.
Tədbirdə iştirak edən polis kapitanı, baş müstəntiq Əhməd Baloğlanov tələbələri maraqlandıran sualları cavablandırıb.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hüseyn İsmayılov narkotiklərlə mübarizə sahəsində Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən görülən işlərdən danışıb. Gənclər Evinin əməkdaşı Nicat Sarxanov narkomaniyanın psixoloji fəsadları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra narkotiklərin mənfi fəsadları barədə videoçarx nümayiş olunub.
Tədbirin sonunda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov belə maarifləndirici görüşlərin əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.