SİYASƏT
Siyasi nəzarətdən kənarda qalmış Dağlıq Qarabağın ərazisi bütün dünya üçün terror və qaçaqmalçılıq məkanı kimi böyük təhlükə mənbəyidir
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində hazırlanan narkotik vasitələri İrandan gətirən 12 nəfəri ifşa etmişlər. Bu, cəmiyyətə və beynəlxalq aləmə mənfi mesaj verir. Belə mənfi hallar bir daha sübut edir ki, hazırda Ermənistan işğal olunmuş ərazilərdə narkotik vasitələrin qaçaqmalçılığına geniş meydan verməklə regionda siyasi və milli təhlükəsizliyi zərbə altında qoyur. Dağlıq Qarabağ ərazisi siyasi nəzarətdən kənarda qalmaqla, nəinki Azərbaycan, həm də dünya dövlətləri üçün terror və qaçaqmalçılıq məkanı kimi ciddi təhlükə törədir. Ermənistan hökuməti bu münaqişənin həllində maraqlı olmamasını əməli fəaliyyəti ilə bir daha sübut edir.
Bu sözləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova AZƏRTAC-a müsahibəsində demişdir.
Onun sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, regiondakı bugünkü mövcud vəziyyət gəncləri qane etmir. Ona görə də Azərbaycan gəncləri region üçün təhlükə törədən işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal cıxarılmasını beynəlxalq qurumların Ermənistan hökumətindən tələb etməsini istəyirlər.
G.Səfərova demişdir: “Bütün dövrlərdə sülh, tolerantlıq və ümumbəşəri ideyaları təbliğ Azərbaycan bu missiyanı bu gün çox uğurla həyata keçirir. Ölkəmiz regionun ən böyük iqtisadi, siyasi və mədəni layihələrinə ev sahibliyi edir. Belə olan halda beynəlxalq təşkilatlar və ölkəmizin tərəfdaşları fikirlərini açıq şəkildə bildirməli və Ermənistan hökumətinin təcavüzkar əməllərini qətiyyətlə pisləməli, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etməlidirlər”.