İQTİSADİYYAT
“SOCAR-AQŞ” MMC-də beynəlxalq təcrübənin öyrənilməsi və müasir standartların tətbiqi prioritet istiqamətlərdəndir
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) beynəlxalq təcrübənin öyrənilməsi və müasir standartların tətbiqi prioritet istiqamətlərdəndir.
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq standartların tətbiqi sahəsində ötən il müəssisədə İsveçrənin “SGS” şirkəti tərəfindən təkrar sertifikatlaşma auditi keçirilmişdir. Müəssisənin bütün sahələrini əhatə edən auditdə MMC-nin fəaliyyəti təkrar olaraq üç beynəlxalq standart - keyfiyyətin idarə edilməsi ISO 9001, ətraf mühitin mühafizəsinin idarə edilməsi ISO 14001 və sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsinin idarə edilməsi OHSAS 18001 standartları üzrə növbəti üç il müddətinə sertifikatlaşdırılmışdır.
Bundan əlavə, MMC-də Amerika Neft İnstitutunun (API) standartlarının tətbiqi məqsədilə iki mərhələdən ibarət auditlər keçirilmişdir. Auditin məqsədi cari il üçün müəssisənin API standartları üzrə sertifikat əldə etməsi olmuşdur.