İQTİSADİYYAT
SOCAR-da Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondunun icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub
Bakı, 2 iyul, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibində “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, fondun və şirkətin rəhbər şəxsləri təmsil olunublar.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “KazMunayGaz” Milli Şirkəti ilə həyata keçirilən birgə layihələrlə bağlı məlumat verib, geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs edib. O deyib ki, əməkdaşlığı daha da genişləndirmək, o cümlədən neft-qaz layihələrində birgə işləmək üçün böyük perspektivlər mövcuddur. Əlverişli imkanlardan biri kimi Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə qazax neftinin dünya bazarlarına çıxarılması qeyd olunub.
Görüşdə, həmçinin SOCAR-ın “CDC” şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilib.
“Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru A.Satkalıyev Qazaxıstanın birgə biznes layihələrinin potensialından söz açıb, son dövrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qazaxıstanın gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğu bildirilib.
“SOCAR Tower” ilə tanış olan qonaqlar Neft muzeyində və istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzində olublar.
Qonaqlar “Kaspian Drilinq Kompani Limited” MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət ediblər. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilib. Sonra nümayəndə heyəti “Sətti” qurğusunda görülmüş təkmilləşdirmə işləri ilə tanış olub. Əməliyyat dövründə qurğu üzərində menecmenti “CDC” şirkəti həyata keçirəcək.
Qeyd edək ki, “Samruk-Kazına” Milli Rifah Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankı (10 faiz) Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGaz” Milli Şirkətinin səhmdarlarıdır. “KazMunayGaz” Milli Şirkəti 2002-ci ildə yaradılıb, onun tərkibində 190-dan çox təşkilat birləşib.