CƏMİYYƏT
Sosial mövzularda fərqlənmiş layihələrin təqdimatı olmuşdur
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Sosial məsuliyyət və sən-2” layihəsi çərçivəsində sosial mövzularda fərqlənmiş layihələrin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, “MobiTel”in baş sponsorluğu ilə reallaşdırılan “Sosial məsuliyyət və sən-2” layihəsi üç mərhələdən ibarətdir.
Layihə ilə bağlı məlumat verən İB-in icraçı direktoru Rəşad Camal bildirmişdir ki, sosial mövzularda layihə təqdim etmiş 200 nəfərdən 147-si 1-ci mərhələdən keçmişdir. Münsiflər heyətinin qərarına əsasən, ikinci mərhələyə 35 ideya müəllifi vəsiqə qazanmışdır. Ötən illə müqayisədə iştirakçıların sayının artdığını deyən R.Camalın sözlərinə görə, bu, gənclərimizdə sosial məsuliyyət hissinin getdikcə daha çox formalaşdığının, cəmiyyətimizin problemləri ilə yaxından maraqlandığının bariz nümunəsidir. Layihənin təqdimatı Bakıda və respublikanın bir sıra bölgələrində keçirilmiş və gənclər arasında böyük maraqla qarşılanmışdır. Bundan əlavə, dünyanın 26 ölkəsinə də layihə ilə əlaqədar informasiya yayımlanmışdır.
Sonuncu mərhələ dekabrın 23-də keçiriləcək və qalib gəlmiş layihə müəlliflərinə pul mükafatları təqdim olunacaqdır.