ELM VƏ TƏHSİL
SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLAN UŞAQLARA MƏKTƏB LƏVAZİMATI HƏDİYYƏ EDİLMİŞDİR
Bakı, 10 sentyabr (AZƏRTAC). Uşaq ili çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi sosial müdafiəyə ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrindən olan ilk dəfə məktəbə gedən uşaqlar üçün çanta və məktəb ləvazimatları paylamışdır.
BŞGİBİ-nin rəhbəri R.Abbasov bu münasibətlə keçirilən mərasimdə bildirmişdir ki, bu cür tədbirlər artıq ənənə halını almışdır. Tədbirin məqsədi Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli “2009-cu ilin - Uşaq ili elan edilməsi haqqında” Sərəncamının icrası və sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılmasından ibarətdir.
Natiq qeyd etmişdir ki, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların hər sahədə inkişafını təmin etmək üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.
Tədbirdə Binəqədi, Əzizbəyov, Səbail, Sabunçu, Nəsimi, Nizami, Yasamal, Nərimanov rayonlarının məktəbliləri təmsil olunmuşlar. Ümumilikdə, 50-yə yaxın müxtəlif məktəbləri təmsil edən 130 nəfər birinciyə məktəb ləvazimatı verilmişdir.