CƏMİYYƏT
Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub
Bakı, 16 iyul, AZƏRTAC
Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
“Bu dövrdə Sizin tapşırığınızla əsas hədəfimiz, əlbəttə ki, Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfər qazanmasından sonra şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsinə, sosial dəstək tədbirlərinə yönəlib”, - deyən nazir bildirib ki, bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Nazirin sözlərinə görə, bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada - sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.