CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyi: Məqsədimiz valideyn himayəsindən məhrum olmuş uşaqların ailə himayəsində böyüməyini təmin etməkdir
Bakı, 4 aprel, Təhminə Verdiyeva, AZƏRTAC
“Himayədar ailə” müraciəti üçün elektron altsistem yaradılıb və vətəndaşlar əziyyət çəkmədən notarial ərizə almaqla elektron kabinet, şəxsi kabinetlərini yaratmaqla müraciət edirlər. Onların müraciəti görünəndən sonra artıq müsahibə və müayinələr başlayır. Bu prosesi mütəxəssislər həyata keçirirlər. Bunlar bitdikdən sonra himayədar ailələrə bir ay ərzində təlim keçirilir, sonra uşaqla himayədar ailənin uyğunlaşması nəzarətdə saxlanılır.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev jurnalistlərə açıqlamasında deyib.
C.Şahmalıyev bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların ailə himayəsində böyüməyini təmin etməkdir və bu məsələ olduqca önəmlidir. “Çünki burada uşağın inkişafı, mənəvi və psixoloji vəziyyəti əsas rol oynayır. Bu məsələnin önəmli tərəflərindən biri budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhz belə uşaqların himayədar ailəyə verilməsindən sonra monitorinqlər aparılıb. Uşaqların yeni ailələrə adaptasiyası, onlara göstərilən qayğı diqqət mərkəzində saxlanılır. Ümumilikdə isə “Himayədar ailə” modelinin ən böyük üstünlüyü budur ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar ailə tərbiyəsində böyüməyə davam edirlər. Çünki ailə himayəsi və tərbiyəsi olduqca önəmlidir ki, bir şəxsin, uşağın, körpənin inkişafı məhz bu sayədə olur. Dövlətimiz, gələcəyimiz üçün uşaqların inkişafı olduqca önəmlidir”.