“Soyqırımı tarixinin dastanı” tamaşası İzmirdə oynanılıb
İzmir, 7 may, AZƏRTAC
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyəyə qastrol səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, teatr şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşasını bu dəfə İzmir şəhərində teatrsevərlərə təqdim edib. Bu şəhərdə tamaşa İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin dəstəyi ilə səhnə görüb.
Tamaşa erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törədikləri soyqırımı əks etdirir.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, İzmir şəhərinin rəhbər şəxsləri, yerli ictimaiyyətin tanınmış simaları tamaşaçılar arasında olublar.
Tamaşadan əvvəl “Anadolu” Aydınlar Ocağının sədri, professor İbrahim Öztək ermənilərin türklərə qarşı törətdiyi soyqırımı ilə bağlı məlumat verib.
Qeyd edək ki, qastrol türkiyəli professor İbrahim Öztəkin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV qardaşlıq və candaşlıq” layihəsi çərçivəsində həyata keçirilir.
Tamaşa İnegöl və Ankara şəhərlərində də oynanılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir