DÜNYA
Şri-Lanka parlamenti prezidentin istefası ilə bağlı fövqəladə iclasa başlayıb
Bakı, 16 iyul, AZƏRTAC
Şri-Lanka parlamenti səhər saatlarında Qotabaya Racapaksanın istefasını rəsmən elan edərək təcili iclasa başlayıb.
AZƏRTAC Şri-Lanka mediasına istinadla xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
“Parlamentin Baş katibi Konstitusiyanın 38-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, 2022-ci il iyulun 14-dən etibarən Qotabaya Racapaksanın prezidentlikdən istefa verdiyini elan edib”, - deyə bəyanatda bildirilir.
Parlamentin iclasında yeni prezident vəzifəsinə namizədlərin qəbulunun tarixi və vaxtı elan olunmalıdır. Yeni dövlət başçısının iyulun 20-də parlamentdə səsvermə yolu ilə seçilməsi, namizədlərin isə iyulun 19-da təqdim olunması gözlənilir.
Görüş gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilir. Polis parlament kompleksinə gedən küçələri bağlayıb.
Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən dərin iqtisadi böhran yaşayır. Bu səbəbdən əhalinin həyat səviyyəsi kəskin pisləşib. İyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını tələb edib. Etirazçılar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçirib. Aksiyalarda yüzdən çox insan yaralanıb. Nəticədə dövlət başçısı Qotabaya Racapaksa həmin gün ölkədən qaçıb və iyulun 14-də vəzifəsindən rəsmən istefa verdiyini elan edib.