DÜNYA
Strasburq polisi etiraz aksiyasında iştirak edən fəhlənin gözünü çıxarmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Fransız polisləri fevralın 7-də Strasburqda Avropa Parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etmək üçün Belçikadan gəlmiş 24 yaşlı metallurqun gözünü çıxarıblar.
“RİA Novosti” agentliyinin məlumatına görə dünyada ən iri “ArcelorMittal” metallurgiya konserninin Avropadakı bəzi zavodlarını bağlanmaq haqqındakı qərarına etiraz etmək üçün Fransa, Lüksemburq və Belçikadan gələn 1,5 minə yaxın fəhlə Strasburqda toplaşmışdır.
Qeyd edək ki, bu qərarın nəticəsində Belçikada 1,3 min fəhlə işdən qovulmaq təhlükəsi ilə üzləşmişdir. Həmkarlar ittifaqının liderinin sözlərinə görə, aksiya iştirakçıları özlərini tamamilə dinc aparırdılar. Lakin asayiş qüvvələri metallurqları qovmaq üçün dəyənəklər, gözyaşardıcı qaz və rezin güllələr tətbiq etmişlər.
Belçikalı metallurqların həmkarlar ittifaqının rəhbəri jurnalistlərə şikayətlənərək bildirmişdir ki, “Strasburqda bizi terrorçu kimi qarşıladılar”.