İDMAN
“Street Athletics Baku-2015” nadir atletika turniri başa çatıb
![“Street Athletics Baku-2015” nadir atletika turniri başa çatıb](/files/2015/2/1200x630/14352554923506635792_1200x630.jpg)
Bakı, 25 iyun, Elşad Qəzvini, AZƏRTAC
Bakının mərkəzində, Fəvvarələr meydanında keçirilən “Street Athletics Baku-2015” atletika yarışı iyunun 25-də yekunlaşıb. Turnirin ikinci günündə beynəlxalq titullu 7 idmançı iştirak edib. Atletlər hündürlüyə tullanma yarışında güclərini sınayıblar. Hündürlüyə tullanan 7 idmançı arasında dünya və Avropa çempionları, eləcə də Olimpiya mükafatçıları da olublar. Birincilik uğrunda məşhur ukraynalılar - Bohdan Bondarenko, Andriy Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov, Aleksey Dmitrik, çexiyalı Yaroslav Baba, slovakiyalı Matus Bubenik və Yunanıstan təmsilçisi Adonios Mastoras mübarizəyə qoşulublar.
Hündürlüyə tullanmada ukraynalı Andriy Protsenko birinci, rusiyalı Aleksandr Şustov ikinci, Yunanıstan idmançısı Adonios Mastoras isə üçüncü yeri tutub.
Xatırladaq ki, turnirin birinci günü 16 atlet idmanın şüvüllə tullanma növü üzrə yarışıb. Bu idman növü üzrə birinci yeri Rusiya təmsilçisi Olqa Mullina tutub. İkinci yeri isə Tatyana Şvidkina və çexiyalı Romana Malaçova bölüşüblər.
Kişilərin heyətində dünya çempionu, almaniyalı Rafael Holtsdeppe birinci yeri əldən verməyib. İkinci yeri Tiaqo da Silva tutub, üçüncü yerdə isə Piotr Lisek qərarlaşıb. Hər üç atlet Bakıda şəxsi idman rekordunu yeniləməklə yadda qalıb.
Yarışları izləyən tamaşaçılar arasında Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və kişilər arasında üçtəkanla tullanma yarışında ilk Avropa Oyunlarının qızıl medal mükafatçısı Nazim Babayev də olub.
Qeyd edək ki, “Street Athletics Baku-2015” idman yarışı Avropa yüngül atletika turniri statusuna malikdir və burada qazanılan nailiyyətlər statistik göstərici kimi qeydə alınıb.