ELM VƏ TƏHSİL
“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin fəaliyyət planı hazırlanır
Bakı, 10 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin növbəti iclası keçirilib. İclasda birliyin idarə heyətinin üzvləri ilə yanaşı, “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının rəhbəri Elçin Əliyev də iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda ictimai birliyin üçillik fəaliyyət planının hazırlanması məsələsi müzakirəyə qoyulub. “Abşeron ərazisində yerləşən göllərin müasir vəziyyəti”, “Su çatışmazlığı olan inzibati rayonların su təchizatı problemləri”, “Su qıtlığından əziyyət çəkən bölgələrdə kiçik su anbarlarının yaradılması”, “Çirkab suların təmizlənməsi” və s. mövzularda layihələrin işlənərək təqdim edilməsi qərara alınıb.
Ölkənin su ehtiyatlarının təyini məsələsi ətrafında coğrafıya üzrə elmlər doktoru Rənabəyim Qaşqayın iştirakı ilə “Azərbaycanın su balansının təyin edilməsi üzrə ilkin təklif və ideyaların hazırlanması” layihəsinin işlənməsi yekdilliklə qəbul edilib.
İnstitutun direktor müavini, dosent Məhərrəm Həsənov yağış suyundan səmərəli istifadə sahəsində təkliflə çıxış edib. O qeyd edib ki, Bakıya yağan yağışın miqdarı şəhərə daxil olan içməli suyun miqdarına bərabərdir. Evlərin damlarına yığılan suyu navalçalar vasitəsilə toplamaq və ondan həyətyanı sahələrin suvarılmasında istifadə etmək mümkündür.
İdeya idarə heyəti tərəfindən bəyənilib və M.Həsənova mövzu üzrə layihə hazırlanması tövsiyə edilib.