CƏMİYYƏT
Sumqayıt kimyaçıları həmkarlarını hərbi xidmətə yola salmışlar
Sumqayıt, 11 aprel (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin (İB) buxar-generator kompleksinin kollektivi gənc mütəxəssis Füzuli Məlikovu təntənəli şəkildə hərbi xidmətə yola salmışdır. Hər il olduğu kimi, bu il də minlərlə gənc orduda xidmət etmək üçün Vətənin müdafiəçiləri sıralarına qoşulurlar.
“Azərikimya” İB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasını uqurla bitirmiş F.Məlikov Dövlət Neft Şirkətinin diqqətini cəlb etmiş və tələbə kimi ARDNŞ-in ilk təqaüdçülərindən biri olaraq bir ildən sonra təhsilini davam etdirmək üçün Almaniyanın Axen Tətbiqi Elmlər Universitetinə göndərilmişdir. Orada daha 4 il təhsil aldıqdan sonra mühəndis-energetik ixtisasına yiyələnmiş F.Məlikov şirkət rəhbərliyinin göndərişi ilə “Azərikimya” İB-in buxar-generator kompleksində mühəndis-energetik vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətinə başladığı ilk günlərdən etibarən universitet illərində qazandığı elmi bilikləri səylə istehsalatda tətbiq etməyə çalışan Füzuli qısa müddətdə həm işgüzar, daim yenilik axtarışında olan gənc mütəxəssis, həm də səmimi bir iş yoldaşı kimi kollektivin rəğbətini qazanmışdır.
Ailənin yeganə övladı olmasına baxmayaraq, F.Məlikov Azərbaycanın müharibə bölgəsində - Qarabağda xidmət edəcəyi xəbərini məmnunluqla qarşılamış və bunu özünə böyük şərəf saydığını bildirmişdir. O, döyüş vərdişlərinə səylə yiyələnəcəyinə, Vətənin layiqli əsgəri olacağına və hərbi xidməti başa vurduqdan sonra yenidən doğma kollektivə qayıdacağına söz vermişdir.