CƏMİYYƏT
Sumqayıt şəhərində hərbi xidmətə çağırılan gənclərlə görüş keçirilmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Sumqayıtda “Əsgər Ailəsi” Cəmiyyətinin layihəsi çərçivəsində hərbi xidmətə çağırılan gənclərlə görüş keçirilmişdir.
“Əsgər Ailəsi” Cəmiyyətinin informasiya mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi hərbi xidmətə çağırılan gəncləri ilkin təlimatlandırılması, onların vətənpərvərlik ruhunda hazırlanmasıdır.
Görüşün təşkilatçısı hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri, ehtiyatda olan zabit Roza Əliqızı, Qarabağ müharibəsi veteranları Nurcahan Hüseynova və Rüxsarə Cumayeva görüşdən əvvəl Sumqayıt şəhər 24 nömrəli orta məktəbin şəhidlərinin abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər.
Tədbirdə Sumqayıt şəhərindəki 4 orta məktəbin 11-ci sinif şagirdləri iştirak etmişlər. 24 nömrəli məktəbin direktoru Mehriban Nəcəfova tədbiri açaraq belə görüşlərin keçirilməsinin, gənclərin Vətənin qəhrəmanlarının tanımasının vacibliyini bildirmişdir.
Roza Əliqızı gənc çağırışçıları maraqlandıran sualları cavablandırmış, onlara uğurlar arzulayaraq bildirmişdir ki, sizin hər biriniz Vətənimizin gələcək qəhrəmanlarısınız, biz sizinlə fəxr edirik.
Qarabağ müharibəsi veteranı və şəhid anası Nurcahan Hüseynova, həmçinin Rüxsarə Cumayeva gəncləri hərbi vətənpərvərliyə, unutqan olmamağa səsləmişlər.
Sonda R.Əliqızının yeni qələmə aldığı “Vətən üçün doğulanlar” kitabı gənclərə paylanmışdır.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilmişdir.