REGİONLAR
Sumqayıt YAP təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Sumqayıt, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İştirakçılar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun nümunəvi qəhrəmanlığından və şanlı Qələbə qazanmasından bəhs edib. Qeyd olunub ki, əldə edilmiş Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin alternativsiz olduğunu bir daha təsdiqlədi.
R.Hüseynov vurğulayıb ki, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.
YAP Sumqayıt şəhər təşkilatının sədri qazilərə göstərdikləri şücaətə görə təşəkkür edərək hər zaman dövlətin və xalqın onların yanında olduğunu söyləyib.
Vətən sevgisinin, torpağa məhəbbətin Qələbənin təmin olunmasında böyük rol oynadığını söyləyən qazilər dövlətimizə, xalqımıza sədaqətlə xidmət etdiklərinə görə qürur duyduqlarını bildiriblər. Onlara göstərilən diqqətə və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Sonda bir qrup Vətən müharibəsi qazisi Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini bildirib və partiya sıralarına qoşulmaq üçün müraciət ediblər.