Sumqayıtda top mərmiləri aşkarlanıb
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də saat 10:06-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıtda mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və şəhər polis idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polisi tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində müxtəlif miqdarda partlayıcı maddə olan 26 ədəd top mərmisinin qalıqları (5 ədəd 76 millimetrlik (OF-350) və 21 ədəd 85 millimetrlik (O-365) top mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.