CƏMİYYƏT
Sumqayıtda, Yevlaxda və Lənkəranda baş vermiş yanğınlar söndürülmüşdür
Bakı, 14 sentyabr (AZƏRTAC). Sumqayıt şəhərində sahəsi 70 kvadratmetr olan üç otaqlı evdə yanğın qeydə alınmışdır. Hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər.
Yevlax şəhərində ümumi sahəsi 252 kvadratmetr olan səkkiz otaqlı evin birinci mərtəbəsindən başlayan yanğının qarşısını vaxtında almaq mümkün olmuşdur. Evin bir otağında məişət əşyaları 14 kvadratmetr sahədə yanmışdır. Yanğınsöndürənlər alovun yayılmasına imkan verməmişlər.
Lənkəran rayonunun Şağlaser kəndində ümumi sahəsi 136 kvadratmetr olan tövlədə baş vermiş yanğın isə dam örtüyünün yanması ilə nəticələnmişdir. Yanğın qısa zamanda söndürülmüşdür.
Hadisələrlə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.