İDMAN
Suya tullanma yarışlarının ilk gününün qalibləri Rusiya və Böyük Britaniya idmançıları olub
Bakı, 18 iyun, T.Ağayeva, Ü.Əhmədova, AZƏRTAC
İyunun 18-də Bakı Su İdmanı Sarayında suya tullanma yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə idmançılar əvvəlcə bir metr hündürlüyündə tramplindən tullanıblar. Bu növdə Azərbaycan, Böyük Britaniya, Monteneqro, Finlandiya, Rusiya, Ukrayna, Belarus, İsveçrə, Yunanıstan, Latviya, Xorvatiya, Fransa, Avstriya, Litva, İtaliya, Macarıstan, Almaniya, Danimarka, Serbiya, Bolqarıstan idmançıları mübarizə aparıblar.
Təmsilçimiz 17 yaşlı Artyom Danilov 11-ci nömrə altında çıxış edib. Onun ilk mərhələdəki çıxışı 427.70 balla qiymətləndirilib. Bu nəticə ilə təmsilçimiz 11-ci yeri tutaraq finala vəsiqə qazanıb.
İlk üçlükdə isə müvafiq olaraq Rusiya təmsilçiləri İliya Molçanov (534.80) və Nikita Şleyxer (507.50), İtaliya idmançısı Ruslan Adriano (486.95) yer alıblar.
Final mərhələsində 455.15 bal toplayan Artyom Danilov yarışları səkkizinci pillədə başa vurub. Qızıl və gümüş medalları rusiyalı idmançılar Nikita Şleyxer (543.80) və İliya Molçanov (512.20) qazanıblar. Bürünc medala isə Böyük Britaniya idmançısı James Heatly (483.40) yiyələnib.
Platformadan tullanma üzrə yarışlarda Azərbaycan idmançısı Olqa Bikovskaya 323.30 xalla 11 yeri tutaraq finala yüksəlib.
Yarışın ilkin mərhələsində birinci yeri Yulia Timaşinina (409.60 xal, Rusiya), ikinci yeri Lois Toulson (386.20 xal, Böyük Britaniya) üçüncü yeri isə Anna Çuinişena (386.80 xal, Rusiya) tutublar.
Final yarışlarının yekununda qızıl medalın sevincini Luis Tulson (456.70) yaşayıb. Gümüş medala Anna Çuinişena (429.15), bürünc medala Almaniya təmsilçisi Elena Vassen (410.40) sahib olub. Olqa Bikovskaya isə yarışı 305.75 xalla 11-ci yerdə başa vurub.