İDMAN
Taekvondo üzrə Azərbaycan milli komandası Qazaxıstanda keçiriləcək turnirə ciddi hazırlaşır
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 29-dan 31-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Qran-pri turnirinə ciddi hazırlaşan taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi, kişilərdən ibarət milli komandanın böyük məşqçisi, Əməkdar Məşqçi Gündüz Abdullayev Qran-pri yarışının idmanın bu növü üzrə Olimpiya Oyunlarına hazırlıq üçün ən vacib turnirlərdən biri olduğunu bildirib: “Astanada keçiriləcək yarışda iki kişi və iki qadın komandamız iştirak edəcək. İdmançılarımızın təlim-məşq toplanışı artıq başa çatmaq üzrədir. Bu yarışdan ümidlərimiz böyükdür.
Məşqçi vurğulayıb ki, Azərbaycan taekvondoçuları sentyabrda 16-21 yaşlı idmançılar arasında Avstriyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Azərbaycanın qadınlardan ibarət milli komandasının çempionatda böyük heyətlə iştirak etməsi planlaşdırılır. Bu yarış qadınlardan ibarət komandamızın hazırlığının artırılmasına və yeni üzvlərlə komplektləşdirilməsinə imkan verəcək. Oktyabrın 24-26-da Mançester şəhərində keçiriləcək üçüncü Qran-priyə hazırlaşmaq üçün təlim-məşq proqramımız artıq hazırdır.
Dekabrda Meksikada keçiriləcək beynəlxalq turnirin sonuncu yarış olacağını diqqətə çatdıran G.Abdullayev onun əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu turnir üç Qran-pridən sonra təşkil ediləcək. Turnirə hər çəki dərəcəsində səkkiz idmançı dəvət olunacaq. İdmançıların hər birinə Olimpiya Oyunları üçün xallar veriləcək. Artıq iki idmançımız həmin səkkizlikdə yer alıb. Ümid edirəm ki, Meksikadakı turnirdə idmançılarımızın sayı daha da artacaq”.