DÜNYA
TANAP-ın keçdiyi Türkiyənin regionlarına 33 ambulans veriləcək
Bakı, 29 aprel, AZƏRTAC
TANAP boru kəmərinin keçdiyi Türkiyənin regionlarına 33 ambulans veriləcək.
AZƏRTAC TANAP-a istinadla xəbər verir ki, sosial və ətraf mühit investisiya proqramı (SEIP) çərçivəsində boru kəməri marşrutu boyunca kənd yerlərində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tam təchiz edilmiş ambulansların verilməsi nəzərdə tutulur. Bunun üçün TANAP-ın baş direktoru Saltuk Düzyol və Türkiyə Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidmətinin baş direktoru Semih Korkut razılaşma imzalayıb.
Belə ki, 2 razılaşma çərçivəsində TANAP dəyəri 9,3 milyon türk lirəsi olan və ümumilikdə 33 ambulans Regional Səhiyyə İdarəsinə təhvil veriləcək.
Xatırladaq ki, TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. İndiyədək TANAP-la ümumilikdə 1,5 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə çatdırılıb. Aprelin 15-də TANAP-ın ikinci fazası üzrə son mərhələyə başlanılıb və sistemə qaz vurulub.
Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.