ELM VƏ TƏHSİL
Tarix İnstitutu ilə Ankara Universiteti birgə magistr hazırlığı aparacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və şöbənin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsində olublar.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Tarixçi alimlər Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsinin Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri professor İrfan Albayrak və şöbənin əməkdaşları professorlar Cahid Günbattı, Salih Çeçen ilə Şumer, Akkad və Urartu tarixi, dili və mədəniyyəti ilə bağlı müzakirələr aparıblar.
Allahverdi Əlimirzəyev və Ramin Əlizadə Ankara Universitetinin Qədim dillər və mədəniyyətlər şöbəsinin professor Emin Bilgic adına kitabxanasının zəngin kolleksiyası, o cümlədən burada saxlanılan mixi yazılı mətnlərlə yaxından tanış olublar.
Professor İrfan Albayrak AMEA-nın Tarix İnstitutunun əməkdaşları ilə görüşün qədim tarixlə bağlı birgə elmi araşdırmaların aparılması istiqamətində ilk addım olduğunu bildiriblər.
Görüş zamanı Tarix İnstitutunun Qədim tarix şöbəsi ilə Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsinin Qədim dillər və mədəniyyətlər şöbəsi arasında magistr hazırlığı ilə bağlı razılıq da əldə olunub.