ELM VƏ TƏHSİL
Tarix İnstitutunda Anım Gününə həsr olunan dəyirmi masa keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Tarix İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru professor Kərim Şükürov Azərbaycanın hərb tarixinə nəzər salıb, Vətən müharibəsində böyük Zəfərin tarixi rolu və əhəmiyyətindən bəhs edib.
Dəyirmi masada Azərbaycanın tarixi Qələbədən sonra da Ermənistanın təxribatlar vasitəsilə törətdiyi lokal müharibələrin qarşısını qətiyyətlə alması yüksək dəyərləndirilib. Tarix İnstitutunda Vətən müharibəsinin tarixinə dair geniş tədqiqatlar aparılması qeyd edilib. Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə hazırladığı “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru (27 sentaybr-10 noyabr 2020-ci il)” kitabının Azərbaycan dili ilə yanaşı, türk və rus dillərində də nəşr edildiyi, oxucular arasında böyük rəğbət qazandığı bildirilib.
Tarix üzrə fəlsəfə doktorları, dosentlər Cəbi Bəhramov, Allahverdi Əlimirzəyev, elmi işçi Nigar Camalova və aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev Anım Gününün önəmindən bəhs ediblər.