ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid polkovnik-leytenant Vidadi Xəlilova məxsus materiallar qorunur
Bakı, 16 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid polkovnik-leytenant Vidadi Xəlilova məxsus materiallar - hərbi səhra kiteli və şalvarı, hərbi formada çəkilmiş foto, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi tərəfindən verilən sertifikat qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Həmin materiallar 2021-ci ildə muzeyin “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisində nümayiş etdirilib.
Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. O, 1999-2003-cü illərdə ali hərbi təhsil alıb. Vətən müharibəsində iştirak edən polkovnik-leytenant V.Xəlilov Füzuli, Cəbrayıl, Qubadlı və Laçının işğaldan azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Laçının azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vidadi Xəlilov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və digər medallarla təltif olunub.