CƏMİYYƏT
Tbilisidə “Gürcü müsəlmanları müasir kontekstdə”, “Müsəlmanların ibadət abidələri” kitablarının təqdimat mərasimi keçirilmişdir
Tbilisi, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Gürcüstan parlamentinin Tbilisidəki Milli Kitabxanasında “Gürcü müsəlmanları müasir kontekstdə”, “Müsəlmanların ibadət abidələri” kitablarının və “Acarıstan Muxtar Respublikasında fəaliyyətdə olan müsəlman ibadət və tədris müəssisələri” xəritəsinin təqdimat mərasimi keçirilmişdir.
Bu vəsaitlər Kartvelologiya, humanitar və sosial elmlər fondundan (Ş.Rustaveli fondu) alınmış qrant hesabına işıq üzü görmüşdür. “Müsəlmanların ibadət abidələri” kitabının müəllifi və xəritənin tərtibatçısı Batumi Universitetinin professoru Ruslan Baramidze, “Gürcü müsəlmanları müasir kontekstdə” kitabının müəllifləri isə filologiya elmləri doktoru Tina Şioşvili, tarix elmləri doktoru Ruslan Baramidze, psixologiya elmləri doktoru Georgi Nijaradze, sənətşünaslıq doktoru Maya Cicileişvili, tarix elmləri doktoru Cemal Varşalomidze, filologiya elmləri doktoru Georgi Maxaraşvilidir. Hər iki əsərdə Qərbi Gürcüstanda yaşayan gürcü müsəlmanlarının həyat tərzi və mədəniyyəti əks etdirilmişdir.
Toplularda gürcü müsəlmanlarının həyat tərzi üçün səciyyəvi olan detallar açıqlanmış, dini qrupların fəaliyyəti ilə əlaqədar problemlərə, dini təhsil sisteminə dair məlumat verilmişdir. Oxucu Qərbi Gürcüstanda İslamın yayılmasının qısa tarixi, müasir dini proseslərin gedişi, müxtəlif dinlər arasında əlaqə, gürcü müsəlmanlarının arasında indiyədək qorunub saxlanmış dini mərasimlər və folklor yaradıcılığı ilə tanış olur.
Təqdimat mərasimi Gürcüstan parlamentinin “Xristian-demokratlar” fraksiyasının təşəbbüsü ilə keçirilmişdir. Tədbiri fraksiyanın rəhbəri Georgi Tarqamadze açmış, belə bir toplunu ərsəyə gətirənlərə təşəkkürünü bildirmişdir. Deputat qeyd etmişdir ki, bu kitablar gürcü müsəlmanlarının vəziyyəti barədə geniş və obyektiv məlumat əldə etməyə imkan verir. Gürcü müsəlmanlarının mədəniyyəti gürcü mədəniyyətinin tərkib hissələrindəndir.
Professor Ruslan Baramidze müxbirimizlə söhbətində demişdir: “Kitablarda Qərbi Gürcüstanda fəaliyyət göstərən tarixi-mədəni dəyərlərə malik müsəlman ibadət və tədris müəssisələri barədə məlumat verilir. Kitablar gürcü müsəlmanlarının etnoqrafiya, folklor, İslamın yayılması tarixinin təsvirinə həsr olunmuşdur. Həmçinin burada İslam ruhanilərinin fəaliyyəti, məscidlərin tarixi barədə də geniş məlumat öz əksini tapmışdır. Bu vəsaitlər, əminəm ki, gürcü müsəlmanlarının fəaliyyəti, adət-ənənələri, mərasimləri barədə ictimaiyyəti geniş məlumatlandıra biləcəkdir. Hakimiyyət nümayəndələri də gürcü müsəlmanlarının həyatı və problemləri ilə tanış olmaq imkanı qazanacaqlar. Hər iki kitab bir neçə illik əməyin nəticəsidir və burada yerli sakinlər, ruhanilər və möminlərdən toplanmış materiallar öz əksini tapmışdır. Gələcəkdə Kvemo Kartli-Borçalı müsəlmanlarının, ümumiyyətlə, Gürcüstan müsəlmanlarının da durumu barədə belə bir geniş əsərin hazırlanması layihəsini irəli sürmüşük, əgər dəstək alsaq, işə başlayacağıq”.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi