SİYASƏT
Təəssüf edirəm ki, böyük Fransa bu gün kiçik hiyləgərlərin siyasi oyunları meydanına çevrilib
Bakı, 26 yanvar (AZƏRTAC). Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qeyri-demokratik qanun sağlam düşüncəli insanlardan biri kimi məndə də dərin təəssüf hissi doğurmuşdur. Mənim mütəxəssis kimi fəaliyyətim Fransa ilə bağlı olmuşdur. Bu ölkənin dahi ədiblərinin əsərlərini sevə-sevə oxumuş, öyrənmiş və bəzilərini doğma dilimə tərcümə etmişəm.
Çox təəssüf edirəm ki, mənim tanıyıb sevdiyim Fransa bu gün böyük humanist Viktor Hüqonun, böyük vətənpərvər Şarl de Qollun Fransasına bənzəmir. Böyük humanistlər, zəkalar yetirmiş Fransa bu gün kiçik hiyləgərlərin siyasi oyunları meydanına çevrilir, araşdırılmamış tarixi hadisə, qondarma “erməni soyqırım”ını tanımaq istəməyənlərə qarşı cəza tədbirləri haqda qanun qəbul edilir. Əgər belə bir qanun Fransada ən yüksək səviyyədə də təsdiqlənərsə daha Fransa torpağına ayaq basmayacağam. Çünki çox sevdiyim və dərindən öyrəndiyim fransız dilində bu mövzuda həqiqəti danışıb cəzalana bilərəm.
Hamlet Qoca
yazıçı-tərcüməçi,
Fransanın İncəsənət və Ədəbiyyat
Komandoru ordeni laureatı